Dünya Azərbaycanlıları Konqresinin (DAK) Gənclər Təşkilatının sədri Samir Turan Azərbaycanın İctimai Televiziyası (İTV) ilə qardaş Türkiyənin TRT 1 telekanalının ortaq yayımı olan və hər gün saat 12:00-13:00 arasında İctimai və TRT radiodan efirə gedən “Azərbaycan-Türkiyə” proqramına müsahibə verib. www.D-A-K.org olaraq müsahibəni olduğu kimi sizlərə təqdim edirik:
Müəllif: Salam, əziz soydaşlarımız, “Azərbaycan-Türkiyə” proqramını dinləyirsiniz. Sizinlə mənəm, Sevda Mirzə.
31 oktyabr 2009-cu ildə Türkiyənin paytaxtı Ankara şəhərində 1-ci TürkBirDev qurultayı keçirildi. Ankara Nümayiş Konfrans Mərkəzində keçirilən bu tədbirdə Azərbaycanı da təmsil edən bir soydaşımız var idi. İndi həmin insan bizim “Azərbaycan-Türkiyə” proqramının qonağıdır, onu sizə təqdim edirəm: Dünya Azərbaycanlıları Konqresinin Gənclər təşkilatının sədri Samir Turan. Samir bəy, ümumiyyətlə, TürkBirDev birliyi və onun təşkil etdiyi Qurultayın yaranma zərurəti nədən doğdu?
Samir Turan: Bildiyimiz kimi, dünyada 250 milyondan çox türk yaşayır. Bu türklərin qurduğu 7 müstəqil Türk Cümhuriyyəti var. İnsanın düşüncəsinə ilk olaraq bu gəlir ki, nədən bizim Birliyimiz olmasın, nədən ayrı-ayrı yaşayaq? Bütün bu soruların nəticəsi kimi TürkBirDev anlayışı ilk dəfə Səfər bəy Özdəmir tərəfindən gündəmə gətirildi. O, öz düşüncələrini ilk olaraq dostlarına, sonra dostları ölkə soydaşlarına bildirdi, daha sonra bu fikir böyüyüb bütün insanlara çatdı. Artıq dünyanın bütün ölkələrinə TürkBirDev haqqında informasiya həm internet vasitəsilə, həm televiziya vasitəsilə, həm də fərdi vasitələrlə çatmışdı. Bütün yerlərdən gələn səslər, istəklər ona gətirdi ki, TürkBirDevin 1-ci Qurultayı keçirildi. Bu tarix oktyabrın 31-inə təsadüf elədi. Və doğrudan da çox gözəl bir təsadüf idi, həm Türk dünyası üçün, həm də dolayısı ilə bütün millətlər üçün. TürkBirDev gələcəkdə dünyaya nə verə bilər? Qurultayda xarici vətəndaşlar var idi, soruşurdular: “TürkBirDev qurulsa, yəni türk dövlətləri birləşib Birlik formasında fəaliyyət göstərsələr, dünya bundan nə fayda götürəcək”? Bu zaman Avropa deyir, “bizim enerji problemimiz həll olar”, Orta Asiyada olanlar deyir, “bizim Avropadan asılılığımız azalar”. Rusiya deyir, “bizim gələcək strateji fəaliyyətimiz daha perspektivli və aktiv olar”, Amerika deyir, “burda daha təhlükəsiz bir mühit yaranar dövlətlər arasında”. Bu qurultayın keçirilməsində, eyni zamanda, türklərin istədiyi qədər, mən deyərdim ki, başqa millətlərin də istəyi vardı. Bu zərurət yaxşı, xoş niyyətli insanların istəyindən doğmuşdu.
Müəllif: Onlar qurultaydan əvvəl kiçik bir videofilm yaymışdılar TürkBirDev Birliyinin yaranma zərurəti ilə bağlı, hansı ki, orda bu fikirlər səslənirdi: “Avropa dövlətləri birləşib öz Birliklərini yarada bildilər, Afrika dövlətləri birləşib öz Birliklərini yarada bildilər, hətta Ərəb Əmirlikləri birləşib öz Birliklərini yarada bildilər, ondan əvvəl də Amerika Birləşmiş Ştatları. Bəs biz Türklər?” Həmin film də Qurultayda göstərildimi?
Samir Turan: Qurultayın açılışı Doğu Türküstandan gəlmiş çox böyük bir musiqi qrupunun salamlaması ilə oldu. İnsanlar çox təsirləndi: Türkiyədən, Azərbaycandan, Özbəkistandan, Batı Trakiyadan gəlmiş soydaşlarımız, qandaşlarımız gördülər ki, Doğu Türküstanda belə bir ecazkar musiqi var və çoxları gözlərinin yaşını saxlaya bilmədilər. Bundan sonra - bu mənəvi birlikdən sonra dediyiniz həmin videonun seyrinə takılanda, doğrusu, insanlar özlərinə baxırdılar ki, gəlin, qucaqlaşaq bir-birimizlə. Yəni bu qədər yaxınlıq hiss olundu ki, doğrudan biz niyə birləşmirik? Bir-biri ilə düşmən olan Avropa, məsələn, İngiltərə ilə Fransa, Almaniya bir-biri ilə dalaşıb milyonlarla insan qırıblar bir metr torpaq üstə. Amma sonradan Birlik ətrafında qurulub, inkişaf eləyiblər, həm mədəniyyəti, həm iqtisadiyyatı, həm də elm və texnikası baxımından. Amma biz - dili, dini, özü bir olan türklər niyə birləşməyək? Bu qədər də perspektivimiz var.
Müəllif: Qurultay haqqında məlumatda belə bir cümlə oxudum, xoşuma gəldi, burda yazılır: “TürkBirDev ideyasının rəhbəri Səfər Özdəmir boynunda Azərbaycanın üçrəngli bayrağı ilə kürsüyə çıxdı”.
Samir Turan: TürkBirDev düşüncəsini daşıyan insanların vətəni bütün türk torpaqlarıdır doğrudan da. Mən orda şaşırmadım buna. Yəni mən də Türkiyənin bayrağını sinəmdə gəzdirə bilərdim, çoxlarında da var idi. Bu çox normal haldır. Amma o (Səfər Özdəmir) bunu xüsusi vurğuladı. O bayraq problemini ki çıxarmaq istəyirdilər, çıxara bilmədilər, ona görə. “Azərbaycan və Türkiyə – türk milləti, - özəlliklə dedi, - bu bayrağı yapan bizik, onu qoruyan da biz olacağıq, onun uğrunda canımız fəda”. O bunu göstərməyə çalışdı və çox da gözəl alındı, “Azərbaycan bayrağı həmişə bizim boynumuzun borcudur, üstümüzdə gəzdirəcəyik”, - deyə. Bayraq probleminin içərisində altı cızılı bir mesaj oldu dünyaya ki, Türkiyə Azərbaycanın bayrağını heç zaman alçaltmaz, əksinə, daha da zirvələrə qaldırar.
Müəllif: Samir, qurultaya hansı ölkələrdən gəlmişdilər?
Samir Turan: Orta Asiya – Özbəkistan, Türkmənistan, Qırğızıstan, o cümlədən Tatarıstan, Moldaviya və Ukraynadan var idilər, Rusiyanın da türk qurumlarının çoxundan gəlmişdilər. Qazaxıstandan çox böyük bir ekip var idi. Batı Trakiyadan, Quzey Kıbrız Türk Cümhuriyyətindən və Azərbaycandan da var idi. Çoxluq isə Türkiyə tərəfinə düşürdü say baxımından. Avropada, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan, bu işə könül verən türk millətçiləri də gəlmişdilər və burda çox aktiv idilər.
Müəllif: Bu gün, xüsusən Orta Asiyada bizim türk dövlətlərimizin hələ öz aralarında anlaşmaları yoxdu o qədər, məsələn, Türkmənistanın Qazaxıstana, Özbəkistanın Türkmənistana münasibəti. Belə olan halda TürkBirDevin Orta Asiyada – Doğu Türküstanda hansı əngəlləri ola bilər?
Samir Turan: Bir neçə dövləti bir-birinə bağlayan onun dəyərləri deyilsə, maraqları deyilsə, tarixi deyilsə, onlar birlik olmayacaqlar. Niyə də bir-birlərinə bağlı olsunlar, əgər maraqları uyğun gəlmirsə. Məsələn, Gürcüstan Azərbaycana hər zaman dost kimi baxmağa çalışır, borcudur, çünki, başqa yolu yoxdur. Amma türk dövlətlərində bu çox yaxşı bir haldır ki, məsələn, Türkmənistanın heç bir dövlətə ehtiyacı yoxdur, eynilə Özbəkistan, Qırğızıstan və Qazaxıstanın. Bunlar milli tarixi baxımdan birləşə bilərlər, yəni bir millətin qurduğu dövlətlər olduğu üçün. Mən azərbaycanlılara radio vasitəsilə demək istəyirəm ki, Orta Asiyaya ayaqları düşsə, gəzsinlər, görəcəklər, əhali hamısı bir-birinin içərisindədir, yəni ölkədən ölkəyə qız alıb-qız vermək qədər bir-birlərinə istidirlər. Siyasi baxış bir şey demir, xalq əsas faktordur. Mən, xüsusilə, Orta Asiya ölkələri arasında Qazaxıstanı vurğulamaq istəyirəm. Qazaxıstanın prezidenti (Nursultan Nazarbayev) bütün türk dövlətlərinin Zirvə toplantısında – prezidentlərin toplantısında səsləndi ki, “Gəlin, birləşək”. Heç kəs buna yox demədi. “Hər kəs öz təklifini gətirəcək, sonra birləşəcəyik” dedilər. Öncüllük əvvəl Türkiyədə idi, sonra Azərbaycanda, indi isə Qazaxıstana keçib. Özbəkistan, Türkmənistan, Qırğızıstan da burda, mən deyərdim, əsas faktor kimi iştirak etməyə çalışırlar. Bu dövlətlərin ümumilikdə siyasətlərinə və xarici siyasətlərinə son iki ildə baxanda görürsən ki, Türkmənistanın Azərbaycanla dənizdə neft yataqları problemləri var idi, amma onun üstündən keçdilər, yəni dərinliyinə getmədilər. Eynilə Özbəkistan Türkmənistanla olan problemini həll elədi. Qırğızıstanda da bəzi siyasi problemlər var idi, onları həll elədilər. Yəni görürsən az vaxtda bunlar bir birlik ətrafında birləşə bilirlər.
Müəllif: Heç kəsin ərazi bütövlüyünə toxunulmadan, yalnız 7 müstəqil türk dövlətindən yaranacaq bir Birlik. Sonradan türk muxtar respublikaları bu Birliyə daxil olacaqlar, növbəti belə bir plan da var, deyirlər. Əslində bu fikir nə Avropada, nə Amerikada narahatlıq yaratmamalıdır ki, burda coğrafi baxımdan heç bir dövlətin ərazi bütövlüyünə toxunulmur. Amma bununla belə, bir çox dövlətlər var ki, orda bizim azərbaycanlılarımız, yəni türk milləti yaşayır, bəs onda onların vəziyyəti necə olacaq?
Samir Turan: Bu, çox incə məsələdir və mən xüsusi vurğulamaq istəyirəm ki, bundan əvvəl qurulan türk dövlətlərinin birliyi, türk qurumlarının birliyi – bunların hamısında beynəlxalq hüquqa zidd olan şeylər var idi. Amma kəsinliklə bahımsız türk dövlətlərinin qura biləcəyi yeni Birlik daha realdır və heç bir hüquqa zidd deyildir. Bunun qarşısında kiminsə “dur” deyəcəyi yoxdur, yəni TürkBirDev əngələnə bilməyəcək bir Birlikdir. Ona görə bunun üstünlüyü və gerçəkləşə biləcəyi daha inandırıcıdır və türk milləti də bunu çox istəyir. Başqa çıxış yolu yoxdur. Nəyə görə Qazaxıstandan gəlib Türkiyəyə keçə bilməyəsən? Azərbaycandan viza almaq, filan-filan bu və başqa problemlər var. Ona görə bu Birlik həm mehriban qonşuluq siyasətinə uyğun gəlir, həm də heç bir ölkəyə ərazi iddiaları etmədən, eyni zamanda, bölgəyə bir sülh, əmin-amanlıq, orada yaşayan insanlara isə hüquqlarını verməyi istəyir. Niyə İran 35 milyon Azərbaycan türkünə icazə vermir ana dilini? Yaxud niyə Çin 80 milyon uyğur türkünün çoxuna heç kimlik nüfuzunu - şəxsiyyət vəsiqəsini vermir? Nəyə görə Rusiya türkləri ruslaşdırır? İnsan Hüquqları baxımından və bunu çox düşünülmüş formada, yəni duyğusallıqla, hisslərlə yox, güclü ağılla və yüksək hüquqi sənədlərlə bu işi görməyə üstünlük verir TürkBirDev.
Müəllif: Böyük bir Qurultayın canlı şahidisiniz, Azərbaycandan bura qatılan ilk qaranquşsunuz. Ümumiyyətlə, TürkBirDev fikrinin bünövrəsində Turan Birliyi ideyası duyulur. Təxminən 100 il bundan qabaq da belə fikirlər var idi, o zamankı azərbaycanlılar Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Krımdan İsmayıl bəy Qaspiralının simasında. Sonradan Ziya Göyalp bütün bu fikirləri cəmləşdirərək “Əsaslar” şəklində topladı. Mənə elə gəlir, TürkBirDev – bu Birlik öz mənşəyində həmin o Turan Birliyi fikirlərini qoruyub saxlayır, yəni 100 il qabaqda olan kimi. Siz buna necə baxırsınız?
Samir Turan: 20-ci əsrin başlanğıcından millətlər öz dövlətlərini qurmağa başladırlar, yəni imperiyaların içərisinə sığmadılar. Millətlər mədəniyyətləri, dilləri ilə özləri özlərini idarə edə biləcək vəziyyətə gəlib çıxmışdılar. Ona görə belə ideyalar ortalığa gəldi ki, bir türk milləti var, 300 milyona yaxın, bu da öz dövlətini qurmaq istəyir. Amma bu, çox böyük bir ərazini tuturdu strateji baxımdan. Rusiyanın da bu gün dünyada böyük torpağı var, amma strateji baxımdan çox zəifdir, Yer kürəsinin kəməri rolunu oynamır. Amma türklərin yaşadığı coğrafiya dünyanın ən zəngin torpaqları və strateji yeri olduğu üçün bu Birliyə o zaman çox mane oldular. Və buna mane olmaqla zamanı dondurmağa çalışdılar. SSRİ birinci rol oynadı, ikinci, son 20 ildə Qərb və Rusiya, eyni zamanda, Şərq də bu məsələdə bir az maraqlı oldu. Amma daha bunun qarşısını ala bilməyəcəklər, çünki millətlər artıq müharibə istəmir. Millətlər, məsələn, bu gün düşünür, “niyə mənim qonşum öz dilində danışmasın?” İnsanların bir-birinə indi daha yaxşı nəzərləri var. Türklərin Turan ideyası ətrafında 150 ilə yaxındır ki, mücadiləsi və mübarizəsi var. Bu sözü dilinə gətirənlər sovet vaxtı, bilirdiniz ki, məhv edilirdi. Sonralar bu fikirləri tamam söndürməyə çalışmışlar. Amma əsrin sonlarında bu ideya yenidən bir dağ kimi gəldi ki, bunu heç cür söndürmək olmaz, artıq bunun qarşısını kimsə ala bilməz. Çünki dövr dəyişdikcə, insanların dünyagörüşü dəyişir, insanların dünyagörüşü dəyişdikcə isə yeni şeylər istəyirlər. Doğrudan da bunlar çox böyük dərsdi və daha geriyə gediləsi deyil. Ona görə bəlkə də Turan Birliyinin üst qatında duracaq bir şeydir TürkBirDev.
Müəllif: Yazılır ki, tədbir təşkilatçıları Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Türk Birliyinin bir gün həqiqət olacağına inamım var” ifadəsinə əsaslanaraq fəaliyyətlərini bu istiqamətdə qurublar. Amma o dövrdə nəinki Mustafa Kamal Atatürkün, bizim Azərbaycan dövlətinin qurucusu Məmməd Əmin Rəsulzadənin də fikirlərində bu məsələ ön yeri almışdı. Azərbaycan Cümhuriyyətinin üzərində üçrəngli bayrağımızın dalğalanması. Belə fikirlər var ki, əgər 100 il qabaq Turan Birliyi yaranardısa, o zaman onun bayrağı bu üçrəngli bayraq olmalıymış.
Samir Turan: Azərbaycan Xalq Cümhuriyyətini, üçrəngli bayrağımızı yaradan insanlar özləri turançı idilər. Bu insanlar doğrudan Turanı istəyərək bütün türk dünyasının məfkurəsinə otura biləcək bir bayraq yaratmağı düşünmüşdülər. Ona görə bu, sadəcə parça deyildi, çox həssaslıqla, dəqiqliklə və strateji, eyni zamanda, tarixi bağları olan bir məsələ idi. Türklük birinci, ikinci müasirlik, üçüncü islam və onların tam ortasında müsəlmanlığın rəmzi aypara və 8 guşəli ulduz ki, bütün türk dövlətlərini özündə birləşdirən və insanlara yerin 8-ci qatını vəd eləyən simvollar idi. Bu da o deməkdir ki, o insanlar öz bütün gücləri ilə Turana hədiyyəni, mən deyərdim, bu bayraq vasitəsi ilə vermişdilər.
Müəllif: Demək, bizim üçrəngli bayrağımız Turan Birliyinin ilk pilləsi idi.
Samir Turan: Bəli, bəli, çox sağ olun, mən təqdiqləyirəm ki, bu belədir.
Müəllif: Ümumiyyətlə, Türk Birliyinin – TürkBirDevin yaranmasının istər türk dövlətlərinə, istərsə də bütün dünyaya faydası nədən ibarət ola bilər?
Samir Turan: Müqavilələr əsasında Azərbaycan və digər türk cümhuriyyətlərinin bütün strateji məhsullarının Türkiyənin limanlarından dünya bazarlarına çıxarılması, bu, iqtisadiyyatın, mən deyərdim, ən böyük və strateji bir tərəfidir. Müasir texnologiyanın gəlməsi baxımından isə Türkiyə qabaqcıl iqtisadi sistemə malikdir. Ona görə Türkiyə türk Cümhuriyyətlərinə yardım edər, öz növbəsində də qarşı tərəf özlərinin kifayət qədər zəngin olan təbii sərvətləri və enerji qaynaqları ilə Türkiyə və dünyanı təmin edə bilərlər. Bu gün Avropa dövlətləri güclə saxlayırlar iqtisadi inkişaflarının aşağı düşməməsini. Amma Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyənin özü belə iqtisadi artımına görə ilbəil öndə gedən dövlətlər sayılır. Bunlar birləşib bu işi görsələr, Birliyi yaratsalar, 5 il çəkməyəcək ki, bizim bu türk dövlətlərində olan insanlarımızın aylıq gəliri Avropadan qat-qat yüksək olacaq. Baxın, TürkBirDevin ulduzlarında 8-cisi ağ rəngdə ulduzdu, yəni boş ulduz. İranın Xarici İşlər naziri deyib: “Belə bir Türk Birliyi olsa, biz də ora qarışarıq. Niyə görə qarışmayaq? Tehranın 9 milyon əhalisindən 7 milyonu türkdür. Biz də türkük”, - deyə müraciət eləmişdilər bəzi məsələlərlə bağlı. Çünki bu Birlik çox ağılı bir Birlikdi. O baxımdan digər dövlətlərin Birliyə qoşulacağı 100-də 100-dür. Hətta Gürcüstan deyir, mən birincidən qoşulmaq istəyirəm Azərbaycanla tranzit rolunu oynamaq üçün. İstəyir ordan Ceyhan limanına getməsin, Batuma gəlsin. Hər ölkə burda öz maraqlarını güdəcək ki, biz də qoşulaq bu Birliyə.
Müəllif: Eyni zamanda, biz “TRT AVAZ”ın da adını burda mütləq çəkməliyik.
Samir Turan: “TRT AVAZ”ı biz illərdir həsrətlə gözləyirdik, doğrudan da gəlib çıxdı. “Türksoy”u da gözləyirdik, dünya türk dövlətləri ilə mədəniyyət əlaqələri. Belə baxanda əslində bu Birlik qurulubdu. İnternet üzərindən də bizim çox yaxşı əlaqələrimiz var, radiodan da bu cür. Sevda xanım, mən bir şeyi özəlliklə vurğulamaq istəyirəm: bizim həsrətlə gözlədiyimiz, əslində TRT və İctimai Teleradio Şirkətinin birgə layihəsi olan “Qorqud Ata”nın həftənin bütün günü efirə getməsi, doğrudan da, bizim sevincimizin, əhval-ruhiyyəmizin yüksək olmasına gətirib çıxarıb. Bu bizim arzularımızın yavaş-yavaş reallaşması deməkdir.
Müəllif: Həqiqətən də artıq Azərbaycanda TRT ilə İctimai Teleradio Şirkəti arasında bir ildən artıqdır ki, birgə layihə, yəni iki ölkə arasında televiziya və radio mübadilə proqramı var. Və mütləq onu da qeyd eləməliyik ki, bu, Seyfəddin bəy Altaylının şəxsi təşəbbüsü ilə və uzun sürən çabalarından sonra yaranıb, davam eləyir, inşaallah qarşı illərdə də davam eləyəcək. Bunun bir nəticəsi də odur ki, eyni zamanda, İctimai teleradio il boyu iki həftədən bir öz işçilərini göndərir və onlar TRT radiosunda təcrübə keçirlər. Yəni biz - radio və televiziyalar arasında artıq bu Birlik mübadiləsinə başlamışıq.
Samir Turan: Radio vasitəsilə də olsa, bizim Birliyimiz var, doğrudan bu, çox böyük bir şeydir. Mən arzu eləyirəm ki, İctimai və TRT radiosu birgə digər türk dövlətlərinə də çıxasınız, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın səsini, bax, bu radio vasitəsilə dinləyək. Böyük nailiyyətlərdir, yəni bu gün artıq biz bu yolun yarısından çoxunu getmişik. Axırda o pik nöqtəsi ki var, onu inşaallah vurmaq lazımdır, bunu da bütün Türk milləti birgə vuracağıq.
Müəllif: Samir, sizə təşəkkürümü bildirirəm və sonda istəyirəm dinləyicilərimizin nəzərinə çatdıraq ki, bu gün bizim “Azərbaycan-Türkiyə” proqramının qonağı kim idi və biz TürkBirDev deyəndə nədən danışırdıq? 2009-cu il, yəni bu ilin 31 oktyabrında Türkiyənin paytaxtı Ankara şəhərində 1-ci TürkBirDev Qurultayı keçirildi və Ankarada keçirilən həmin Qurultayda Azərbaycanı təmsil eləyən soydaşımız Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının sədri Samir Turan idi. Əziz dinləyicilər, siz “Azərbaycan-Türkiyə” proqramını dinləyirdiniz, sizinlə mən idim Sevda Mirzə, sağ olun